Azərbaycanda bu il bir ölkə sakini ərzaq məhsullarına ayda orta hesabla 172 manat xərcləyib

Azərbaycanda bu il bir ölkə sakini ərzaq məhsullarına ayda orta hesabla 172 manat xərcləyib
# 11 dekabr 2020 12:32 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 046,3 mln. manatlıq, o cümlədən 18 851,8 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 194,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4%, o cümlədən qeyri-ərzaq malları üzrə 6% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Bu ilin 11 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 16,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2%-i ticarət müəssisələri, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7%, fərdi sahibkarlar üzrə 4,3% artıb, bazar və yarmarkalarda isə 18,5% azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR