Azərbaycanda "Əmanətlərin sığortalaması haqqında" qanuna dəyişikliklər ediləcək

Azərbaycanda "Əmanətlərin sığortalaması haqqında" qanuna dəyişikliklər ediləcək
  • Clock-gray 15:57
  • calendar-gray 19 Oktyabr 2020

"Əmanətlərin sığortalaması haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi nəzərdən keçirilir.

Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı ilə görüşlər keçirilir. O bildirib ki, "Əmanətlərin sığortalaması haqqında" Qanuna görə, sığortalanan əmanətlərin konkret kateqoriyası var: "Yəni fiziki şəxslərə məxsus olan əmanətlər, depozit hesabındakı pul vəsaitləri və cari hesab qalıqlarıdır. Qanunvericilik fiziki şəxslərin və sahibkarların vəsaitlərinin sığortalanmasını nəzərdə tutmur. Yəni sığortalanan əmanətlər kateqoriyasına aid edilmir. Ona görə, onların bütün tələbləri qeydə alınır və "Banklar haqqında" Qanunun 82-ci maddəsinə uyğun olaraq onlara vəsaitlər növbə əsasında ödəniləcək".

Fondunun rəhbəri əlavə edib ki, bununla bağlı artıq tələblər qeydə alınıb və bağlanan bankların əmanətçilərinə kompensasiya ödənişləri bitdikdən sonra sahibkarlara da ödənişlər növbə əsasında həyata keçiriləcək.

"Ödənişlər bağlanan banklar üzrə kreditlərin toplanması, həmçinin onların aktivlərinin satışından əldə edilən vəsaitlərin hesabına aparılacaq. Ümumiyyətlə, qanunvericilikdə ödənişlərin Fond tərəfindən icra edilməsi nəzərdə tutulmalıdır. Hazırda qanunvericiliyə ediləcək dəyişiklik layihələri nəzərdən keçirilir və bununla bağlı Mərkəzi Bankla görüşlər təşkil olunur. Hazırda bu, ilkin baxış mərhələsindədir", - deyə T. Piriyev bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər