Azərbaycanda əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 100 min manatadək artırılır

Azərbaycanda əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 100 min manatadək artırılır
# 07 dekabr 2020 17:00 (UTC +04:00)

Azərbaycan Respublikasının "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur.

"APA-Economics"in etibarlı mənbədən əldə etdiyi məlumata görə, gələn ilin aprelin 5-də sözügedən Qanunun müddəti bitəndən sonra kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq.

Qeyd edək ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə artıq Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Layihədə müddətin daha dörd ay müddətinə uzadılması təklif olunur.

Xatırladaq ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR