Azərbaycanda əmanətlərin tam sığortalanması mexanizmi təxminən 3,9 mlrd. manatı əhatə edəcək

Azərbaycanda əmanətlərin tam sığortalanması mexanizmi təxminən 3,9 mlrd. manatı əhatə edəcək
# 09 dekabr 2020 12:37 (UTC +04:00)

"Azərbaycan banklarında hazırda 7,4 mlrd. manat əmanət var, təxminən 6,4 mlrd. manat qorunan əmanətimiz var. Yeni sistemə keçəndən sonra təxminən 3,9 mlrd. manat əmanət qorunacaq. Yəni 33% azalma baş verəcək".

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, limitli əmanət hər zaman var olub: "Bu tam şəkildə kiçik və orta əmanətlərin qorunmasına yönəlib. Qorunmayan əmanətlərin əmanətçiləri isə kifayət qədər sayı azdır. Bunlar isə kifayət qədər peşəkar əmanətçilərdir. 100 min məbləği əhali üçün kifayət qədər uyğun rəqəmdir".

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur. “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR