Azərbaycanda ötən il 6,6 mlrd. manatlıq dövlət satınalmaları keçirilib

Azərbaycanda ötən il 6,6 mlrd. manatlıq dövlət satınalmaları keçirilib
# 04 mart 2021 10:46 (UTC +04:00)

Ötən il Azərbaycanda dövlət vəsaitləri hesabına 6 567 210,1 min manat məbləğində 9 203 satınalma proseduru keçirilib. 2019-cu illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 847 190,7 min manat və ya 14,8% artıb, satınalma prosedurlarının sayı isə 2 254 vahid və ya 19,7% azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə dövlət satınalmaları portalında deyilir.

Qeyd olunub ki, 2019-cu illə müqayisədə müsabiqə (açıq tender, təkliflər sorğusu, kotirovka sorğusu) əsasında həyata keçirilmiş satınalmaların həcmi ümumilikdə 831 534,8 min manat və ya 31,2%, o cümlədən təkliflər sorğusu üzrə 864 527,2 min manat və ya 2,3 dəfə artıb, kotirovkalar sorğusu üzrə 29 401,2 min manat və ya 20,9%, açıq tender üzrə 3 591,3 min manat və ya 0,2% azalıb.

2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (3 805 954,33 min manat) müqayisədə 305 478,26 min manat və ya 8,03% dövlət vəsaitinə qənaət edilib ki, bu da ötən illə müqayisədə 34 742,5 min manat və ya 12,8% çoxdur.

Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodları üzrə il ərzində satınalma prosedurlarının sayı və həcmi aşağıdakı kimi olub:

- 2 414 açıq tender proseduru ilə 2 152 874,8 min manat məbləğində, o cümlədən elektron satınalma vasitəsi ilə həyata keçirilmiş 2321 açıq tender proseduru ilə 930 012,2 min manat məbləğində satınalma keçirilmişdir. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalmaların sayı 503 tender və ya 17,2%, ümumi satınalmaların həcmi isə 3 591,3 min manat və ya 0,2% azalıb;

- 201 təkliflər sorğusu proseduru ilə 1 236 064,1 min manat məbləğində və ya ümumi dövlət satınalmalarının 18,8%-ni təşkil edən satınalmalar həyata keçirilmişdir. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalma prosedurlarının sayı 217 satınalma və ya 51,9% azalmış, satınalmaların həcmi isə 864 527,2 min manat və ya 2,3 dəfə artıb;

- 5 161 kotirovka sorğusu proseduru ilə 111 537,1 min manat məbləğində satınalmalar həyata keçirilmişdir. 2019-cu illə müqayisədə bu üsulla həyata keçirilmiş satınalmaların sayı 1 162 satınalma və ya 18,4%, satınalmaların həcmi isə 29 401,2 min manat və ya 8,8% azalıb.

Hesabat dövründə dövlət müəssisə və təşkilatları tərəfindən keçirilən satınalmaların təşkilinə dair hüquqi və fiziki şəxslərdən 501 şikayət daxil olub. Şikayətlərdə qaldırılan məsələlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun araşdırılmış, müsabiqələrin obyektiv şəraitdə aparılması, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara tövsiyələr verilmiş, şikayətlərin araşdırılmasının nəticələrinə dair dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin müddəaları müvafiq malgöndərənlərə (podratçılara) izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR