Azərbaycanda ötən il turizm xidmətləri üzrə 89 mln. dollarlıq profisit yaranıb

Azərbaycanda ötən il turizm xidmətləri üzrə 89 mln. dollarlıq profisit yaranıb
# 31 mart 2020 15:42 (UTC +04:00)

Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına 1,7 mlrd. dollarlıq turizm xidməti göstərilib 2019-cu il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 10,2 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, bunun 6,4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3,8 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə, xidmətlər balansında yaranan kəsir 26,8% artaraq 2,6 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,8 mlrd. dollar olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 776,7 mln. dollar olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 25,3%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,6 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 43,1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,1 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,5 mlrd. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilə nəzərən 11,8%, idxalı isə 4,1% azalıb. Nəticədə bu maddə üzrə 2018-ci ildə olan 297,1 mln. dollar olan kəsir 2019-cu ildə 18% artaraq 350,5 mln. dollar təşkil edib.

Məlumata əsasən, 2019-cu il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 28,6% azalaraq 3,5 mlrd. dollar təşkil edib.

Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (1,8 mlrd. dollar) idxalı (1,7 mlrd. dollar) üstələməsi nəticəsində 89 mln. dollar həcmində profisit yaranıb. 2019-cu il ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 13,4%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 11,3% artıb.

“Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,7 mlrd. dollar məbləğində olub. Bunun 90,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 41,8% azalaraq 31.6 mln. dollar təşkil edib”, - AMB-nin məlumatında deyilir.

Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 19,4% artaraq 954,1 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR