Azərbaycanda sığorta şirkətlərinin qiymətləndirmədə vahid yanaşmaya maraq göstərməmələrinin səbəbləri açıqlanıb

Azərbaycanda sığorta şirkətlərinin qiymətləndirmədə vahid yanaşmaya maraq göstərməmələrinin səbəbləri açıqlanıb
  • Clock-gray 16:42
  • calendar-gray 09 Dekabr 2019

 

Sığorta şirkətləri "Audatex" proqram təminatının istifadəsində çox da maraqlı deyil. Şirkətin Azərbaycanın sığorta bazarında xidmət payı 0,5%-i keçmir.

"Audatex Aərbaycan" MMC-nin direktoru Daşdəmir Niftəliyev "APA-Economics"ə bildirib ki, bunun əsas səbəbi Zərərlərin Birbaşa Tənzimlənməsi ilə bağlı qaydaların hələ də təsdiqlənməməsidir. Zərərlərin Birbaşa Tənzimlənməsi nəqliyyat vasitələrinə dəymiş zərərlərin sığortaçılar arasında hesablaşmaları üçün vahid yanaşmanı məcburi edir. Qiymətləndirmə üçün vahid yanaşmanı Azərbaycan bazarında təqdim edən şirkət ancaq "Audatex Azərbaycan" MMC-dir. Onun sözlərinə görə, birbaşa tənzimləmə qaydaları ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və şirkət nümayəndələrindən ibarət heyət müxtəlif ölkələrin təcrübələrini araşdırıb müəyyən qaydalar yazsalar da, bu sahədə irəliləyiş olmayıb. Bu qaydaların təsdiqlənməsi xidmətdən istifadənin artması ilə nəticələnəcək.

Nəticədə, 2020-ci ildən etibarən mənfəətlə işləyəcəyinə ümid edilən şirkət Azərbaycan bazarında hələ də istədiyi hədəfə çata bilməyib.

Sığorta şirkətləri bu proqram təminatından niyə istifadə etmir?

Bildirək ki, proqram təminatı zərərin süni şişirdilməsinin qarşısını almaqla  şəffaflığı təmin edir, vahid yanaşma üçün sərait yaradır. Sığorta şirkətləri proqram təminatından istifadə etməmələrinə əsas kimi "Audatex"in təklif etdiyi xidmətin baha olmasını və işlənmiş ehtiyat hissələrinin bazada mövcud olmamağını göstərirlər. "Audatex" isə bazasında olan ehtiyat hissələrinin qiymətlərinin istinad məqsədli olduğunu qeyd edərək, xidmətin digər ölkələrlə müqayisədə ucuz olduğunu bildirir.

"Hər qiymətləndirmə üçün qiymət cəmi 11,50 manat təşkil edir. Bu, xidmətin təklif olunduğu digər ölkələrlə müqayisədə çox ucuzdur", - deyə şirkətin direktoru bildirib.

Qeyd edək ki, "Audatex Azerbaijan" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 min manatdır. Şirkətin təsisçiləri 95%-lik payla ABŞ-ın "Solera Holding"i və 5%-lik payla Azərbaycanın İcbari Sığorta Bürosudur.

Xatırladaq ki, şirkət Azərbaycanda ilk 4 il +3 il ərzində müəyyən maliyyə zəmanəti müqabilində fəaliyyətə başlayıb və 4 illik zəmanət müddəti artıq bitib. Bildirək ki, müqavilədə ilk 4 ildən sonra şirkətin sərbəst gəlirə çıxmama ehtimalları nəzərə alınaraq +3 il sadəcə ilk mərhələnin yekunundan sonra müzakirə üçün açıq saxlanılıb. Maliyyə zəmanətinin son tarixi 2018-2019-cu ildə bitmiş və yeni maliyyələşmə planı ilə əlaqədar hər hansı bir məlumat yoxdur və bazarı tərk edəcəyi istisna edilmir.

"Audatex" Azərbaycanın avtomobil bazarını inkişaf etməkdə olan bazar kimi nəzərə alıb və proqramı yerli bazarın tələblərinə və qanunvericiliyinə uyğunlaşdırıb.

Proqram təminatında vahid yanaşma ilə faktiki və düzgün qiymətləndirmə necə edilir?

Yol hadisəsi baş verdikdə sığorta şirkətinin nümayəndəsi avtonəqliyyatın VİN nömrəsini proqrama daxil etməklə dərhal avtomobil haqqında məlumatlar əldə edir. Yeni kart yaradaraq şəkilləri operativ sistemə yükləyir və mərkəzi ofisə yönləndirir. Dəymiş ziyanın dəqiq qiymətini almaq üçün məlumatı 3 servislə paylaşır. Nəticədə alınan cavabları müqayisə edir və əlverişli variant seçilir. Müştəri sığorta şirkətinə yaxınlaşdıqda ona uyğun servisə yönləndirilir və ya bank hesabına ödəniş edilir.

Qeyd edək ki, hazırda "Audatex" xidmətindən 3 sığorta şirkəti, 1 servis mərkəzi istifadə edir.

 

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date