Azərbaycanın CAREC-in 2030-cu ilədək turizm strategiyası çərçivəsində 15-ə yaxın layihədə iştirakı planlaşdırılır

Azərbaycanın CAREC-in 2030-cu ilədək turizm strategiyası çərçivəsində 15-ə yaxın layihədə iştirakı planlaşdırılır
# 14 dekabr 2020 15:50 (UTC +04:00)

Azərbaycanın Asiya İnkişaf Bankının (AİB) "CAREC Turizm Strategiyası 2030" sənədinin "Bağlılıq və İnfrastruktur", "Keyfiyyət və Standartlar", "Bacarıqların İnkişafı", həmçinin "Marketinq və Brendinq" strateji sütunları çərçivəsində 2021-2025-ci illərdə 15-ə yaxın layihədə iştirakı planlaşdırılıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, "CAREC Turizm Strategiyası 2030" sənəd layihələri Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation – CAREC) 19-cu Nazirlər Konfransında qəbul edilib.

Strategiya regionda milyonlarla insanın məşğulluğunu dəstəkləməyə kömək edərək təhlükəsiz turizm zonalarının inkişafını təşviq etməyə yönəlib. Qeyd edilir ki, COVID-19 pandemiyası fonunda turistlərin səyahət seçimlərində daha yaxın, daha etibarlı və daha az sıxlıq olan yerlərə doğru dəyişib və yeni strategiya bu trendləri nəzərə alaraq bölgənin inkişafı üçün uzunmüddətli bir plan təqdim edir.

Bütün CAREC ölkələrinin iştirak edəcəyi layihələrə "CAREC üzvləri arasında hava əlaqələrinin yaxşılaşdırılması və səyahət xərclərinin endirilməsi", "Viza rejimlərinin liberallaşdırılması və CAREC ölkələri arasında giriş tələblərinin avtomatlaşdırması", "CAREC-in turistik aktivlərinin inventarizasiyasının inkişafı", "Potensialın artırılması və biliklərin region daxili mübadiləsi", "İpək Yolunu Ziyarət Et" adlı ümumi bir markanın yaradılması və təbliği daxildir. Eyni zamanda, buraya ölkələrin məlumatlarını toplaması, statistikasının istifadəsi və təsirlərin ölçülməsi kimi layihə və təşəbbüsləri əlavə etmək olar.

Təkcə Azərbaycanın digər ölkələrlə layihələrinə gəldikdə, Qazaxıstan və Türkmənistanla sərnişinlər və nəqliyyat vasitələri üçün bərə keçidlərinin yaxşılaşdırılması, Pakistanla hotelçilik xidmətlərində ulduz sisteminin tətbiqi və biliklərin mübadiləsi, Özbəkistan və Türkmənistanla turizm təhsili sahəsində əməkdaşlıq və hazırda Tacikistanda icra olunan, Azərbaycanla Özbəkistanın da qoşulması təklif edilən, 2022-ci ilə başa çatması planlanan "Turizm siyasəti və strategiyalarının milli iqtisadiyyatlardakı təsirini ölçmək və izləmək üçün Turizm Peyk Hesablarının hazırlanması və tətbiqi" üzrə layihə təklifləri var. Əlavə olaraq, Qırğızıstan və Özbəkistanla da birlikdə 2021-2023-cü illərdə onlayn turizm bacarıqlarının inkişafı nəzərdə tutulub.

"CAREC Turizm Strategiyası 2030" çərçivəsində Azərbaycanın Gürcüstanla planlaşdırılan layihələrə gəldikdə, hazırda pilot mərhələdə olan turizm xidmətləri üzrə nəzərdə tutulan “İpək Yolu Keyfiyyət Nişanı” layihəsinin hazırlanması daxildir. Layihənin indikativ icra dövrü 2022-2025-ci illəri əhatə edir.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Azərbaycan 2003-cü ildən CAREC Proqramının üzvüdür. Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da proqramın iştirakçıları sırasındadır. 2001-ci ildən indiyədək CAREC ölkələri 39,2 mlrd. ABŞ dolları dəyərində 208 regional ticarət və infrastruktur layihəsi reallaşdırıb. Bunun 14,7 mlrd. dolları AİB, 15,8 mlrd. dolları digər tərəfdaşlar, 8,7 mlrd. dolları CAREC-in üzv ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR