Azərbaycanın ÜDM-i növbəti üç ildə ortalama 3% artacaq

Azərbaycanın ÜDM-i növbəti üç ildə ortalama 3% artacaq
  • Clock-gray 17:52
  • calendar-gray 06 Aprel 2021

"Moody's Investors Service" ("Moody's") şirkəti bu il Azərbaycan iqtisadiyyatının artım tempinin neft-qaz sektoru hesabına təqribən 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası ilə əlaqəli məhdudlaşdırıcı tədbirlərin yumşaldılması fonunda iqtisadi fəallığın artımı və hərəkət məhdudiyyətlərinin azaldılmasından qaynaqlanan müsbət təsirlərdən başqa OPEC razılaşması çərçivəsində neft hasilatının gözlənilən artımı, Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya qaz ixracının artımı ölkədə bu il ÜDM-in artımını sözügedən səviyyədə dəstəkləyəcək.

"Moody's" Azərbaycanda növbəti 2-3 il ərzində ÜDM-in orta artım tempinin 3% səviyyəsində olacağını proqnozlaşdırır və bu artımın mövcud neft-qaz yataqlarına davamlı investisiya qoyuluşu ilə dəstəklənəcəyini bildirir. Bura "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Qarabağ" və "Abşeron" yataqları aiddir. Belə ki, AÇG ölkədə karbohidrogen hasilatını bir müddət cari səviyyədə (175 mln. barrel ton) saxlamağa kömək edəcək, "Qarabağ" və "Abşeron" yataqlarının işlənilməsi layihələrinin tamamlanmasından sonra isə neft-qaz hasilatı artacaq.

Bundan əlavə, "Moody's" xatırladır ki, ölkədə diversifikasiya perspektivləri məhdud olaraq qalır. Azərbaycanın nəqliyyat və logistika sektoru bölgədəki digər ölkələrlə müqayisədə daha yaxşı infrastrukturdan və bölgədəki digər istehsalçılardan daha yüksək neft-qaz tranziti gəlirləri əldə etmək potensialından faydalansa da, sektorun ölçüsü çox kiçik olaraq qalır və iqtisadi böyüməyə əhəmiyyətli təsir edə bilmir.

Rusiya da daxil olmaqla digər böyük bazarlardan Azərbaycanın qida məhsullarına olan sabit tələbata baxmayaraq, kənd təsərrüfatı sektoru da neft-qaz sektoru ilə müqayisədə daha az cəlbedicidir. COVID-19 pandemiyasından əvvəl müəyyən potensial nümayiş etdirən turizm sektoru isə sərhədlər tədricən açılmasına baxmayaraq, bərpa üçün daha çox vaxt tələb edə bilər.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,3%, 2022-ci ildə isə 1,7% artacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər