Azərbaycanın gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı üzrə xərclər 5,1% artırılıb

Azərbaycanın gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı üzrə xərclər 5,1% artırılıb
# 21 dekabr 2020 13:06 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943,0 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 mln. manat və ya 5,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin vəsait hesabına kənd təsərrüfatı tədbirləri üçün 496,3 mln. manat, baytarlıq tədbirləri üçün 30 mln. manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 405,8 mln. manat, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 10,9 mln. manat vəsait proqnozlaşdırılıb.

Son 5 ildə (2016-2021-ci illər) bu xərclər 357,6 mln. manat və ya 61,1% artıb. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 475,7 mln. manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 65 mln. manat və ya 15,8% çoxdur. Həmin vəsait hesabına yeni subsidiya mexanizminin tətbiqinə müvafiq olaraq fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə maliyyələşdirilməsi proqnozlaşdırılır. Kənd təsərrüfatı sahəsinin maddi-texniki təminatının möhkəmləndirilməsi, regional aqrokimya laboratoriyalarının saxlanılması, bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin, bitki sortlarının qeydiyyatı və toxum nəzarəti tədbirlərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması xərclərinə üst-üstə 20,7 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb. Ölkədə heyvan sağlamlığının təmin edilməsi və heyvandarlıqda məhsuldarlığın artırılması, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması sahəsində baytarlıq istiqamətində dövlət dəstəyi olaraq 2021-ci ilin dövlət büdcəsində baytarlıq tədbirlərinə 30 mln. manat vəsait proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR