Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara bu il 31,7 mlrd. manatlıq məhsul satılıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara bu il 31,7 mlrd. manatlıq məhsul satılıb
# 13 noyabr 2020 12:13 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 663,2 mln. manatlıq məhsul satılıb ki, bu da illik müqayisədə 1,5% azdır.

Dövlət Statistika Komitəsində "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə 17 034,5 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 628,7 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 6,1% azalıb, 3% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 16,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1%-i ticarət müəssisələri, 52,9%-i fərdi sahibkarlar tərəfindən, 24%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6%, fərdi sahibkarlar üzrə 3,8% artıb, bazar və yarmarkalarda isə 17,5% azalıb.

Cari ilin 10 ayında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR