Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb
# 31 mart 2021 10:41 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 mln. dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 mln. dolları və ya 11,3% artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 mln. dollar) birinci olub. Bu siyahıda qızıl (34,4 mln. dollar) ikinci, xurma isə (27,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 mln. dollar, Rusiyaya 85,5 mln. dollar, İsveçrəyə 35,2 mln dollar, Gürcüstana 28,3 mln. dollar və ABŞ-a 13,2 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 185,2 mln. dollar təşkil edib. Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (54,1 mln. dollar) birinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya ikinci (42,7 mln. dollar) və İsveçrə üçüncü (25,1 mln. dollar) olub.

2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 mln. dollar) birinci, pambıq mahlıcı (22,7 mln. dollar) ikinci və elektrik enerjisi (15,7 mln. dollar) üçüncü olub.

Bu ilin ilk iki ayı ərzində meyvə-tərəvəz ixracı 70,5 mln. dollar, pambıq lifi ixracı 37,4 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 27,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 6,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,6 mln. dollar, pambıq ipliyi ixracı 6,9 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 1,9 mln. dollar, şəkər ixracı 4,9 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 3,9 mln. dollar, çay ixracı isə 1,4 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR