Azərbaycanın qeyri-neft ixracı yanvar-oktyabrda 1,4 mlrd. dollar olub

Azərbaycanın qeyri-neft ixracı yanvar-oktyabrda 1,4 mlrd. dollar olub
  • Clock-gray 10:57
  • calendar-gray 02 Dekabr 2020

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 12,2 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 27,3% və 11% azalıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 mln. dollar, Türkiyəyə 285,5 mln. dollar, İsveçrəyə 176 mln. dollar, Gürcüstana 109,1 mln. dollar və Çinə 34,7 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 158,7 mln. dollar) ikinci və pambıq mahlıcı (94,7 mln. dollar) üçüncü olub.

Bu ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 467,3 mln. dollar, pambıq lifi ixracı 95,8 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 86,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 70 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 42,9 mln. dollar, pambıq ipliyi ixracı 13,6 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 9,7 mln. dollar, şəkər ixracı 16,8 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 19,2 mln. dollar, çay ixracı 7,7 mln. dollar təşkil edib.

Təkcə oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 162,8 mln. dollar təşkil edib. Cari ilin oktyabrında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8%, qeyri-yeyinti sektoru üzrə isə 51,2% təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 mln. dollar), Türkiyəyə (33,5 mln. dollar), İsveçrəyə (10,7 mln. dollar), , Gürcüstana (9,5 mln. dollar) və ABŞ-a (5,4 mln. dollar) ixrac edilib.

Oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19,7 mln.) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 mln. dollar) ikinci, sair təzə meyvələr – (13,6 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Hüseyn Vəliyev

Digər xəbərlər