Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13% artıb

Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13% artıb
# 13 dekabr 2019 12:26 (UTC +04:00)

Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7% və ya 5,7 mlrd. ABŞ dolları artaraq 50,4 mlrd. dollara çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir.

Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7%, kənd təsərrüfatında 7,3% artım müşahidə olunub.

Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosialyönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9% artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.

Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib.

Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyl göstərib. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64,1 dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 dollar) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2,3%, o cümlədən, qeyri-neft ixracı 17,5% artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR