Azərbaycanın xidmətlər balansının kəsiri 2 mlrd. dolları ötüb

Azərbaycanın xidmətlər balansının kəsiri 2 mlrd. dolları ötüb
# 16 dekabr 2020 10:06 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6 mlrd. ABŞ dolları təşkil edib ki, bunun 4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, nəticədə cari əməliyyatlar hesabının komponenti olan xidmətlər balansında yaranan kəsir 11,4% artaraq 2 052,2 mln. dollar təşkil edib. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri isə 38,7% artaraq 1,8 mlrd. dollara çatıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 2,4 dəfə azalaraq 0,2 mlrd. dollara enib.

AMB qeyd edir ki, hesabat dövründə qarşılıqlı xidmətlər dövriyyəsinin 35%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 2,1 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 55,1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır.

Ölkənin rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,2 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0,9 mlrd. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 31,7% artıb, idxalı isə 7,9% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ilin doqquz ayında qeydə alınan 0,2 mlrd. dollar həcmində olan kəsir 2020-ci ilin doqquz ayında 0,2 mlrd. dollar profisitlə əvəzlənib.

Bundan əlavə, 2020-ci ilin doqquz ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,3 dəfə azalaraq 0,6 mlrd. dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (352,6 mln. dollar) ixracı (286,4 mln. dollar) üstələməsi nəticəsində 66,2 mln. dollar həcmində kəsir yaranıb. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 74,5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 71,6% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 352,6 mln. dollara bərabər olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşüb.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 26,6% azalaraq 20,6 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 29,1% azalaraq 486,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR