"Azərpoçt" Ani Ödənişlər Sisteminə inteqrasiya olunub

"Azərpoçt" Ani Ödənişlər Sisteminə inteqrasiya olunub
# 15 dekabr 2020 10:41 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən yaradılaraq cari ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Yelo Bank”, “AссessBank” və “Azərpoçt” yaradılmış yeni infrastruktura inteqrasiya olunub.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, qeyd olunan bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanından istifadə etmək imkanı əldə ediblər.

Hazırda 17 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılaraq cari ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR