BVF: Ermənistan ÜDM-i bu il 7,3% azalacaq, işsizlik tarixi maksimuma çatacaq

BVF: Ermənistan ÜDM-i bu il 7,3% azalacaq, işsizlik tarixi maksimuma çatacaq
  • Clock-gray 11:06
  • calendar-gray 17 Dekabr 2020

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyası fonunda Ermənistanda ÜDM-in 7,3% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Ermənistanda ÜDM istehsalı 13,673 mlrd. ABŞ dolları təşkil edib və bu il sözügedən göstəricinin 1 mlrd. dollardan çox azalaraq 12,663 mlrd. dollara enməsi gözlənilir.

İşsizliyə gəldikdə, bu il Ermənistanda bu göstəricinin 24,1% səviyyəsində olacağı gözlənilir ki, bu da tarixi rekord sayıla bilər. Ötən il sözügedən göstərici 18,9%-ə bərabər idi.

BVF-nin məlumatına görə, Ermənistanın məcmu beynəlxalq ehtiyatları 21% azalaraq bu il 2,251 mlrd. dollara enəcək, ölkəyə birbaşa xalis xarici investisiyaların həcmi isə 2 dəfədən çox azalaraq cəmi 178 mln. dollara təşkil edəcək. Fondun proqnozlarına görə, bu il ölkənin ixracı 33,5%, idxalı isə 28,1% azalacaq.

Qeyd edək ki, hazırda Ermənistanın Fonddan maliyyə yardımı şəklində qəbul etdiyi vəsaitlərin həcmi 332 mln. dollar təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər