Britaniya iqtisadiyyatı 1945-ci ildən bəri rekord səviyyədə azalıb

Britaniya iqtisadiyyatı 1945-ci ildən bəri rekord səviyyədə azalıb
# 12 fevral 2021 17:06 (UTC +04:00)

COVID-19 pandemiyasından güclü zərbə alan Böyük Britaniya iqtisadiyyatı 2020-ci ərzində müasir hesablamaların aparıldığı dövrdən (1945-ci ildən) bəri rekord 9,9% səviyyəsində azalıb. İngiltərə Bankının ("Bank of England") malik olduğu bəzi tarixi məlumatlara və göstəricilərə əsasən, sözügedən azalma 1709-cu ildən bəri ən kəskin tənəzzüldür.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatı oktyabr-dekabr ayları ərzində 1%, təkcə dekabrda isə 1,2% artmağa müvəffəq olub. Nəticədə, iqtisadçılar gümana gəliblər ki, 2021-ci ilin I rübündə Böyük Britaniyada ÜDM artacaq və ölkə tənəzzüldən yayına biləcək. Qeyd edək ki, Avropada tənəzzül kimi adətən iqtisadiyyatın ardıcıl olaraq iki rüb azalması qəbul olunur.

Lakin qənaətbəxş proqnozlara baxmayaraq, İngiltərə Bankının gözləntilərinə görə, Böyük Britaniya iqtisadiyyatı "Brexit"in gətirdiyi yeni məhdudiyyətlər və yeni karantin səbəbindən cari ilin I rübündə 4% azalacaq. Uzunmüddətli proqnozlara gəldikdə, bank ölkə iqtisadiyyatının yalnız 2022-ci ilin əvvəlində bərpa ola biləcəyini hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR