Bu il Azərbaycanda bir nəfər ərzaq məhsullarına orta hesabla ayda 160 manat xərcləyib

Bu il Azərbaycanda bir nəfər ərzaq məhsullarına orta hesabla ayda 160 manat xərcləyib
# 13 dekabr 2019 12:22 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5% üstələyərək 34,4 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 17,4 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1% və 3,9% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 21,2%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 28,3%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8%, fərdi sahibkarlar üzrə 2% artıb, bazar və yarmarkalarda isə 8% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR