"Chevron"un xalis zərəri yanvar-sentyabrda 4,9 mlrd. dollar olub

"Chevron"un xalis zərəri yanvar-sentyabrda 4,9 mlrd. dollar olub
  • Clock-gray 16:13
  • calendar-gray 30 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında ABŞ-ın "Chevron" şirkətinin xalis zərəri 4,878 mlrd. dollar təşkil edib.  Halbuki şirkət ötən ilin analoji dövründə 9,534 mlrd. dollar mənfəət əldə etmişdi.

"APA-Economics" məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, səhm üzrə seyrəltilmiş zərər ötənilki 5,02 dollar mənfəətə qarşı 2,63 dollar təşkil edib. Şirkətin ümumi gəlirləri illik ifadədə 37% azalaraq 69,446 mlrd. dollara çatıb.

"Chevron"un doqquzaylıq hasilatı gündəlik 3,018 mln. barel neft ekvivalentində olub ki, bu da illik ifadədə 1,1% azdır.

Kəşfiyyat və hasilat üzrə("upstream") şirkət bir il əvvəlki 9,31 mlrd. dollar mənfəətə qarşı 2,934 mlrd. dollar zərər çəkib, təkrar emal və satış üzrə ("downstream") isə şirkətin mənfəəti 385 mln. dollar (4,7 dəfə azalma) olub.

Cari ilin III rübünün nəticələrinə görə, "Chevron"un bir il əvvəlki 2,58 mlrd. dollar mənfəətinə qarşı 207 mln. dollar zərər qeydə alınıb. Bir səhm üzrə seyrəltilmiş zərər bir il əvvəlki 1,36 dollar mənfəətə qarşı 0,12 dollar olub.

Hesabat rübündə "Chevron"un gəliri illik ifadədə 32,3% azalaraq 25,61 mlrd. dollar proqnoza qarşı 24,451 mlrd. dollar təşkil edib. Şirkətin rüblük istehsalı gündəlik 2,834 mln. barel neft ekvivalenti olub ki, bu ötən ilin göstəricisindən 6,5% azdır. Şirkətin "upstream" üzrə mənfəəti 11,5 dəfə (235 mln. dollaradək), "downstream" seqmenti üzrə isə 2,8 dəfə (292 mln. dollaradək) azalıb.

Qeyd edək ki, "Chevron" ABŞ-ın ikinci ən böyük neft-qaz şirkətidir. Şirkət 180-dən çox ölkədə fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin aprel ayında "Chevron" korporasiyasının törəmə şirkətləri "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini Macarıstanın MOL şirkətinə 1,57 mlrd. dollara satıb.

Hüseyn Vəliyev

Digər xəbərlər