DGK: Poçtla göndərilən dəyəri 300 dollardan artıq olan mallar üçün gömrük ödənişləri ödəniləcək

DGK:  Poçtla göndərilən dəyəri 300 dollardan artıq olan mallar üçün gömrük ödənişləri ödəniləcək
# 10 yanvar 2021 14:10 (UTC +04:00)

İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödəniləcək.

APA-nın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsinin Kollegiyasının “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu tələb 8 yanvar 2021-ci ildən qüvvəyə minib.

Yanvarın 8-nə qədər qüvvədə olan Qaydalara əsasən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödənilməli idi.

Dövlət Gömrük Komitəsi Kollegiyasının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarına uyğun olaraq belə bir qərar qəbul etdiyi qeyd olunub. Nazirlər Kabinetinin qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR