DSMF dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq

DSMF dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq
  • Clock-gray 11:50
  • calendar-gray 29 Dekabr 2020

Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir. Layihəyə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri Dövlət Sosial Müdafiə Fondunda cəmləşdiriləcək. Dövlət Sosial Müdafiə Fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.

Qeyd edək ki, indiyə qədər olduğu kimi dəyişiklikdən sonra da Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilən məcburi dövlət sosial sığortası sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Firuzə Vahid

Digər xəbərlər