Elman Rüstəmov: “Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”

Elman Rüstəmov: “Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”
  • Clock-gray 11:20
  • calendar-gray 09 Dekabr 2020

“Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Müzəffər Ordumuzun erməni işğalçıları üzərində tam və qəti qələbəsi münasibətilə öz qürur və fəxr hissimi sizlərlə bölüşmək istəyirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, yaradılmış iqtisadi potensiala arxalanaraq ordu quruculuğu sahəsində çox böyük işlər görülüb: “Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması 30 ildən sonra həyata keçirilib. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra dayanıqlılıq nümayiş etdirir. Ermənistan iqtisadiyyatı isə tam tənəzzüldədir. Ermənistanda əhəmiyyəti devalvasiya prosesi başlayıb. Bizim iqtisadi güc potensialımız çoxdur. Bu qələbədən sonra qarşımızda mühüm çağırışlar var. İşğaldan azad edilmiş yerlərin bərpası, bu ərazilərin iqtisadi potensiala cəlb olunması bizim iqtisadi gücümüzü daha da artıracaq. Bu istiqamətdə maliyyə sektorunun qarşısında mühüm çağırışlar durur. Bu gün dünya bazarlarında gedən çağırışlar hamımıza məlumdur, neftin qiyməti və s. Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”.

 

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur. “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq. 

 

Firuzə Vahid

Digər xəbərlər