Elman Rüstəmov: "Əmanətlərin tam sığortalanması sistemində uzun müddət qalmaq olmur"

Elman Rüstəmov: "Əmanətlərin tam sığortalanması sistemində uzun müddət qalmaq olmur"
  • Clock-gray 11:30
  • calendar-gray 09 Dekabr 2020

Əmanətlərin Sığortalanması Fondu (ADIF) bütövlükdə Azərbaycanın maliyyə sabitliyin qorunması baxımından olduqca mühüm elementdir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, əmanətlərin dinamikasına baxsaq, maliyyə sabitliyinin təmin olunmasında əmanətlərin sığortalanması olduqca mühüm rol oynadı: “2008-ci ildən başlamış maliyyə böhranı, 2014-cü ildə olan böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün və maliyyə sabitliyinin yüksəldilməsi üçün əmanətlərin tam sığortalanması 2016-cı ildə tətbiq olundu. Əmanətlərin tam sığortalanması bütün ölkələrdə tətbiq olunan sistemdir. 2016-cı ildən bu yana Sinqapur, Almaniya, Avstraliya kimi ölkələr də bu sistemi tətbiq edib və maliyyə sabitliyi yaranandan sonra bu sistemdən çıxıblar. Bu sistemin Azərbaycanda tətbiq edilməsi də ölkəmizdə bank sektorunun sağlamlaşdırılması tam şəkildə həyata keçirilə bildi. Zəif banklar sistemdən uzaqlaşdırıldı. Banklar əmanətçiləri maliyyə itkilərinə məruz qalmadı. 43 min əmanətçiyə 1,3 mlrd. manat kompensasiyanı biz əmanətçilərə ödəyə bildik. Lakin bu sistemdə uzun müddət qalmaq olmur. Sistemdə uzun müddət qalmaq bankların risk davranışına ciddi təsir göstərir. Bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır. Dövlət dəstəyi də burada olur. Digər tərəfdən isə iri əmanətçilər tərəfindən banklara nəzarət mexanizmi də zəifləyir. Bütün bunları tam müzakirə edəndən sonra İqtisadi Şuranın iclasında tam müzakirə edildi. Belə qərara gəldik ki, artıq sistemdən çıxmaq üçün tam şərait yaranıb. Çıxış strategiyasında ən başlıca məsələ hansı məbləğlə, nə vaxt çıxmaqdır”.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib və layihəyə əsasən qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur. “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq. 

Firuzə Vahid

Digər xəbərlər