Ermənistan iqtisadiyyatı IV rübdə 1 mlrd. dollar itirə bilər - PROQNOZ

Ermənistan iqtisadiyyatı IV rübdə 1 mlrd. dollar itirə bilər - PROQNOZ
# 22 oktyabr 2020 12:12 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4%-lik azalma qeydə alınıb.

APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov deyib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyasına qarşı dünyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib.

“Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye, koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1%, ticarət – 11,5%, xidmətlər – 10,8% azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, cari ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks həmləsi ilə üzləşdi. Azərbaycan ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi çağırışlara səbəb olub”, - deyə R. Hüseynov qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 mlrd. ABŞ dollarından çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Müharibənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır. Verilən məlumata görə, işğalçı dövlətdə səfərbərlik elan edilmiş və vətəndaşların orduya cəlbi prosesi başlamışdır. Hətta ilkin məlumata görə 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır.

R. Hüseynovun fikrincə nəzərə alınsa ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli onun 23%-ni işdən ayrılaraq müharibəyə getməsi deməkdir: “Yəni səfərbər olunan şəxslər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə 2020-ci ilin 4-cü rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcəkdir. Proseslərin belə davamı bu ölkənin növbəti ili də resessiya ilə başa vuracağı ehtimalını artırır. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i 65693 mlrd. dram və ya təxminən 13,7 mlrd. dollar olub. Bu ölkənin statistikasının məlumatına görə ÜDM-in 30,4% və ya 1 998,7 mlrd. dramı (4,2 mlrd. dollar) 4-cü rübün payına düşür”.

Ekspert hesab edir ki, məhz hazırda davam edən müharibənin təsiri ilə cari ilin IV rübündən Ermənistanda ÜDM-in ciddi azalacağını proqnozlaşdıra bilərik. İlkin hesablamalarımıza görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə 2020-ci ilin IV rübü ərzində bu ölkədə gündəlik ÜDM istehsalı 10,7 mln. dollar və ya rüb ərzində 1 mlrd. dollar dəyərində azala bilər.

“Onu da qeyd edək ki, müharibə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq, orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaqdır. Dayandırılan istehsalatın bərpası isə yeni problemlərlə üzləşəcəkdir (müştərilərini itirməsi və s.). Ən yaxşı ssenari üzrə hesablamalarımız isə göstərir, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcək. Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM-in işğalçı müharibə səbəbi ilə 3,4 mln. dollar azalacaq”, - deyə R. Hüseynov bildirib.

Ən pis ssenari üzrə hesablamalar isə R. Hüseynovun sözlərinə görə, Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Göründüyü kimi iki ssenari (yaxşı və orta) üzrə hesablamalar göstərir ki, bütün hallarda müharibə Ermənistan iqtisadiyyatının çöküşünə səbəb olacaq.

“Proqnozumuza görə, müharibənin iki həftəsi ərzində ümumilikdə Ermənistanda ÜDM-in 47,6-149,8 mln. dollar arasında azalmanın baş verəcək. Hesablamamızdan aydın olur ki, bu hadisələr fonunda Ermənistanda ixracında da azalması qaçılmaz olacaq. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində Ermənistanın cəmi 1,57 mlrd. dollar dəyərində ixrac həyata keçirib və ixracı 6% azalıb. Nəzərə alaq ki, Ermənistanın ixracyönümlü mədən sənayesində işlərin dayandırılması ilə bağlı məlumatlar gəlməkdədir. Bu isə ondan xəbər verir ki, işğalçı müharibə eyni zamanda ixracın da azalması prosesinin sürətləndirilməsi ilə müşayiət olunacaq və bunun nəticəsində Ermənistanın ticarət balansında kəsir daha da böyüyəcək”, - deyə ekspert vurğulayıb.

R. Hüseynovun fikrincə, digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcək. Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri bu ölkə üçün daha ağır olacaq.

“Ermənistan 2020-ci illə yanaşı, 2021-ci ildə də ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Nəticədə koronavirus pandemiyasının və müharibənin şiddətlənməsi ilə bu itkiləri daha da arta bilər. Bu isə Ermənistanda əhalinin daha sürətlə yoxsullaşmasına və dövlətin iflasına səbəb olacaq”, - deyə R. Hüseynov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR