"Exxon"un builki xalis zərəri 2,4 mlrd. dollar olub

"Exxon"un builki xalis zərəri 2,4 mlrd. dollar olub
# 30 oktyabr 2020 17:25 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında dünyanın ən böyük neft-qaz şirkətlərindən biri sayılan ABŞ-ın "ExxonMobil" şirkətinin səhmdarlara aid xalis zərəri 2,37 mlrd. dollar təşkil edib. Halbuki şirkət ötən ilin analoji dövründə 8,65 mlrd. dollar mənfəət əldə etmişdi.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə "ExxonMobil"in gəlirləri 31,7% azalaraq 134,962 mlrd. dollar olub. Səhm üzrə zərə bir il əvvəlki 2,03 dollar mənfəətə qarşı 0,55 dollar təşkil edib.

Cari ilin III rübündə şirkətin zərəri 680 mln. dollar olub. Halbuki 2019-cu ilin eyni dövründə "ExxonMobil" 3,17 mlrd. dollar mənfəət əldə etmişdi. Ötən rüb səhm üzrə itki bir il əvvəl 0,75 dollar mənfəətə qarşı 0,15 dollar olub. Şirkətin rüblük gəlirləri illik ifadədə 28,9% azalaraq 46,199 mlrd. dollar təşkil edib. Analitiklər bu rəqəmin 45,07 mlrd. dollar olacağını proqnozlaşdırırdı.

Bu ilin III rübündə şirkət karbohidrogen hasilatını 5,8% azaldaraq gündəlik 3,672 mln. barel neft ekvivalentinə endirib. Rüblük dövrdə göstərici cüzi azalıb.

Şirkət qeyd edir ki, ötən rüb "ExxonMobil" əvvəlcədən elan edilmiş kapital və nağd əməliyyat xərclərində azalmalarda əhəmiyyətli irəliləyişə nail olub. 2020-ci il üçün planlaşdırılmış kapital xərclərinin 33 mlrd. dollardan 23 mlrd. dollara endirilməsi qrafiki qabaqlamaqla icra olunur. Nağd əməliyyat xərclərinin azalması da qrafiki təxminən 15% qabaqlayır.

Xatırladaq ki, "ExxonMobil" Azərbaycandakı aktivlərinin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı olaraq şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb. Şirkət AÇG-də 6,79%, BTC-də isə 2,5% paylara malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR