İKZF: Zəmanətlərin verilməsi üzrə elektron sistem gələn ay istifadəyə veriləcək

İKZF: Zəmanətlərin verilməsi üzrə elektron sistem gələn ay istifadəyə veriləcək
# 02 iyul 2020 13:20 (UTC +04:00)

Bu günədək kredit zəmanət mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondu (İKZF) zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91 mln. manatdan çox kredit ayrılıb və həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdə nəzərdə tutulub.

İKZF-dən “APA-Economics”ə verilən məlumata görə, zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib: “Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1 500-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. Sahibkarlıq kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bu günədək Fond tərəfindən zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb. Bu isə öz növbəsində, Fond tərəfindən kredit müraciətlərinin qiymətləndirilməsi mexanizminin müvəffəqiyyətlə tətbiq edildiyinin göstəricisidir”.

Qeyd edək ki, 2018-ci ilin sonlarından etibarən İKZF tərəfindən tətbiqinə başlanılan kredit zəmanət mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə, banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir.

Fonddan həmçinin bildirilib ki, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib: “Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır”.

Qeyd olunanlarla yanaşı, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR