MDM-də saxlanılan qiymətli kağızların həcmi 45 mlrd. manata çatıb

MDM-də saxlanılan qiymətli kağızların həcmi 45 mlrd. manata çatıb
  • Clock-gray 10:57
  • calendar-gray 25 Yanvar 2021

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin keçən ilin yekunlarına həsr edilmiş iclası keçirilib. İclasda təşkilatın struktur bölmələrinin rəhbərlərinin hər bir fəaliyyət istiqamətləri üzrə hesabatları dinlənilib, görülmüş işlər və layihələrə dair iştirakçılara məlumat verilib.

"APA-Economics"in MDM-ə istinadən verdiyi məlumata görə, hesabat zamanı məlum olub ki, 2020-ci ildə MDM tərəfindən ümumi həcmi 1 mlrd. manatdan yuxarı olmaqla 97 yeni emitentlə müqavilə bağlanıb və xidmət göstərilən emitentlərin sayı 2 092-yə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələr üzrə ümumi həcm göstəricilərində 43% artım müşahidə edilib.

2020-ci ilin sonuna MDM-də saxlamada olan qiymətli kağızların həcmi 5% yuxarı artaraq 45 mlrd. manat təşkil edib. Saxlamada olan səhmlərin həcmində 22 mlrd. manat olmaqla 3%-dən çox artım, istiqrazların həcmində 22 mlrd.  manat olmaqla 7%-dən çox artım, Mərkəzi Bankın notları üzrə 780 mln. manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 1%-dən çox artım qeydə alınıb.

İclasın yekununda MDM-in 2021-2025-ci illər üzrə dövrü əhatə edəcək Strateji planı haqqında məlumat verilərək bildirilib ki, gələcək 5 il üzrə əsas hədəflər beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə xarici depozitar və qlobal kastodianlarla əlaqələrin qurulması, risklərin idarə edilməsi və komplayns sistemlərinin yaradılması, MDM-in fəaliyyətinin ictimaiyyətə daha geniş işıqlandırılması məqsədilə kapital bazarının təşviqi üzrə müasir informasiya platformasının yaradılması, biznes proseslərin idarə olunması üzrə yeni prosedur çərçivənin formalaşdırılması və MDM-in kadr potensialının inkişaf etdirilməsidir.

APA-Economics

Digər xəbərlər