Mərkəzi Bank: Vətən müharibəsində şəhid olmuş 830 hərbi qulluqçunun kreditləri silinib

Mərkəzi Bank: Vətən müharibəsində şəhid olmuş 830 hərbi qulluqçunun kreditləri silinib
  • Clock-gray 12:32
  • calendar-gray 22 Dekabr 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.

Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb, onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib.

Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.

İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılmışdır. Əməkdaşlıq şəraitində Ədliyyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılmış, Şirkət gücləndirilmiş iş rejiminə keçmişdir. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standartlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

18 dekabr 2020-ci il tarixinə “Azərsığorta” tərəfindən 4 138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 387 nəfəri isə xəsarət alanlardır.

APA-Economics

Digər xəbərlər