Neft qiymətlərinin dəyişməsi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə təsir edə bilər

Neft qiymətlərinin dəyişməsi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə təsir edə bilər
# 21 dekabr 2020 13:00 (UTC +04:00)

Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5% olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3% azalma ola bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatda deyilir.

Qeyd edilib ki, xam neftin hasilatının azalması (o cümlədən, "OPEC+" ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər.

"Neftin qiymətinin və hasilat həcmlərinin azalması 2020-ci ildə "OPEC+" ölkələri arasında xam neft hasilatının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı sazişin əldə olunması və son aylarda COVID-19 infeksiyasına qarşı uğurlu peyvənd sınaqları xam neft qiymətlərinin artımına öz müsbət təsirini göstərməkdədir. 2020-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasında neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisinin 30,2%, dövlət büdcəsi gəlirlərində payının 54,6%, və ölkənin ixracında payının 87,2% olduğunu nəzərə alaraq neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır", - izahatda qeyd edilib.

Bu baxımdan dövlət büdcəsinin tərtibi zamanı dövlət büdcəsinə edilən transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi neftin qiymətindən və valyuta məzənnəsindən asılı deyildir. Bununla belə, neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Neftin qiymətlərində müşahidə olunan mənfi dinamikanın dövlət büdcəsinə birbaşa təsiri isə SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dövlət büdcəsinə ödədiyi vergilərdəki azalmaların hesabına baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR