OECD: Dünya iqtisadiyyatı bu il 5,6% artacaq

OECD: Dünya iqtisadiyyatı bu il 5,6% artacaq
  • Clock-gray 16:03
  • calendar-gray 09 Mart 2021

COVID-19 pandemiyası fonunda bu il qlobal iqtisadiyyat 5,6%, 2022-ci ildə isə 4% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş mart proqnozunda deyilir.

Təşkilatın ötən proqnozları ilə müqayisədə yeni gözləntilər müvafiq olaraq 1,4 və 0,5 faiz bəndi çoxdur. Təşkilatın mütəxəssisləri qeyd edir ki, COVID-19-a qarşı peyvəndin geniş yayılması və ABŞ-ın pandemiya fonunda 1,9 trln. dollarlıq stimullaşdırıcı paketi gümrah iqtisadi artıma güclü təkan verir.

Lakin həmçinin qeyd edilir ki, yaxşılaşdırılmış proqnozun bu səviyyədə qalması ölkələrin səlahiyyətli orqanlarının vaksinasiyanı nə dərəcədə sürətləndirməsi, məhdudiyyətlərin nə qədər davam edəcəyi və COVID-19 virusunun yeni variantlarının nəzarətdə saxlanılmasından asılı olacaq.

Ölkələrə gəldikdə, OECD 2021-ci və 2022-ci illərdə ən yüksək iqtisadi artımı Hindistan (12,6% və 5,4%), Çin (7,8% və 4,9%) və ABŞ-da (6,5% və 4%) gözləyir, ən zəif artımın isə Səudiyyə Ərəbistanında (2,6% və 3,9%), Yaponiya (2,7% və 1,8%) və Rusiyada (2,7% və 2,6%) olacağını proqnozlaşdırır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər