Qazaxıstanda ÜDM istehsalı 0,2% azalıb

Qazaxıstanda ÜDM istehsalı 0,2% azalıb
# 12 may 2020 09:41 (UTC +04:00)

Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi 2020-ci ilin yanvar-aprel aylarının nəticələrini açıqlayıb.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bu dövrdə ölkədə ÜDM istehsalı illik ifadədə 0,2% azalıb.

"2020-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin sosial-iqtisadi inkişafının nəticələri belədir: məhsul istehsalı 5,8% artıb. Eyni zamanda xidmət istehsalı 4% azalıb. Nəticədə, ÜDM istehsalı 0,2% azalıb", - deyə Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov ölkə hökumətinin iclasında bildirib.

2019-cu ilin yanvar-aprel aylarında Qazaxıstanda ÜDM-in artım tempi 4% təşkil edib.

Nazir xidmət sektorunda müşahidə olunan azalmanı koronavirusun yayılmasına qarşı yönəlmiş karantin tədbirləri ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə əlaqələndirib.

R. Dalenovun sözlərinə görə, Qazaxıstanda illik inflyasiya 6,8% təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Qazaxıstanda ÜDM 4,5% artıb. 2020-ci ildə ÜDM-in artım tempi 4,1% səviyyəsində proqnozlaşdırılırdı. Bununla belə, aprel ayında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlara yenidən baxıb və cari il üçün ÜDM-in artım tempini 3,2%-ə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR