Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisi 76%-ə çatıb

Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisi 76%-ə çatıb
# 12 fevral 2021 12:44 (UTC +04:00)

Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 7,4 mlrd. manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, vergi daxilolmaları üzrə illik proqnoz 2,7%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 103,9% icra olunub.

“ÜDM-in həcminin azalması şəraitində daxilolmaların xüsusi çəkisi artaraq 10,2% təşkil edib. 2020-ci ildə dünya enerji bazarlarında müşahidə olunan qiymət enişləri, habelə hasilatın azalması fonunda neft-qaz sektoru üzrə daxilolmalarda 20,6% azalma qeydə alınıb. Bu azalma qeyri-neft sektorunda daxilolmalar hesabına kompensasiya edilib.

Ötən ilin nəticələrinə görə, bu sektor üzrə daxilolmalar 3,3% artaraq 5,6 mlrd. manat təşkil edib”, - deyə O. Nəzərli qeyd edib.

Xidmətin rəsmisi əlavə edib ki, resessiya şəraitində qeyri-neft sektorundan proqnozdan əlavə daxilolmalar 209 mln. manata yaxın olub: “2020-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların cəmi daxilolmalarda xüsusi çəkisi 2019-cu il ilə müqayisədə 5,1 faiz bəndi artaraq 76%-ə çatıb. Qeyri-neft sektoru üzrə vergi daxilolmaların dövlət büdcəsində qeyri-neft gəlirlərində xüsusi çəkisi isə qismən artıb və 2019-cu ildəki 51,2%-dən 52,6%-ə yüksəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR