Samir Şərifov: "Cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib"

Samir Şərifov: "Cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib"
# 14 aprel 2020 22:23 (UTC +04:00)

"Ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb. Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib".

APA xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib.

“Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür.

Qeyd edim ki, Dövlət Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib”, - deyə Maliyyə naziri S.Şərifov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR