Samir Şərifov: "Dövlət borcu ilə bağlı xərclər gələn il artırılacaq"

Samir Şərifov: "Dövlət borcu ilə bağlı xərclər gələn il artırılacaq"
# 23 dekabr 2020 11:52 (UTC +04:00)

“2021-ci ilin dövlət büdcəsinin xərcləri 28,543 mlrd. manat səviyyəsində proqnozlaşdırılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində maliyyə təminatının yaradılması əsas götürülüb: “Gələn il bir sıra sahələrin xərclərində artımlar nəzərdə tutulub. Sosialyönümlü xərclərə 38,9% ayırmalar nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətlə bağlıdır. Eyni zamanda gələn il ölkədə ərzaq təhlükəsizliyinin daha da təkmilləşdirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin əsaslı xərcləri 8,3 mlrd. manat təşkil edir. 5 mlrd. manatdan yuxarı vəsaitlər investisiya proqramına yönəlmiş vəsaitlərdir. Bunlardan 2,2 mlrd. manatı Qarabağın yenidən qurulmasına yönəldiləcək. Dövlət borcu ilə bağlı xərclər gələn il cari illə müqayisədə artacaq ki, bu da dövlət tərəfindən orta müddətdə borc strategiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlıdır”.

Nazir onu da bildirib ki, Azərbaycanın ümumi yanaşması ondan ibarətdir ki, xarici borcun tam qaytarılmaması həyata keçiriləcək, sərbəstləşən vəsaitlər isə dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bunun nəticəsində dövlət borcu bir qədər artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR