"Siemens"in mənfəəti azalıb

"Siemens"in mənfəəti azalıb
# 12 noyabr 2020 11:30 (UTC +04:00)

2019-2020-ci maliyyə ilində (sentyabrın 30-da bitib) Almaniyanın "Siemens AG" sənaye konserninin xalis mənfəəti illik müqayisədə 25,6% azalaraq 4,2 mlrd. avroya enib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, konsernin bir səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 6,32 avrodan bu il 4,93 avroya enib. Satışlardan formalaşan gəlirlər 2,3% azalaraq 57,139 mlrd. avro təşkil edib.

Təkcə 2019-2020-ci maliyyə ilinin IV rübündə "Siemens"in xalis mənfəəti 1,879 mlrd. avroya bərabər olub ki, bu da illik müqayisədə 28% çoxdur. Səhm üzrə seyrəltilmiş mənfəət 1,61 avrodan 2,17 avroya yüksəlib. Lakin sonuncu rübdə satışdan əldə olunan gəlirlər 6,5% azalaraq 15,312 mlrd. avro təşkil edib.

Qeyd edək ki, Almaniya nəhənginin 2020-2021-ci maliyyə ilinə olan proqnozuna əsasən, valyuta məzənnələrinin dalğalanmasına baxmayaraq, şirkətin xalis mənfəəti 4,2 mlrd. avrodan artıq olacaq.

Xatırladaq ki, 1847-ci ildə təsis edilən "Siemens AG" konserni elektrotexnika, elektronika, enerji avadanlığı, nəqliyyat, tibbi avadanlıq və işıqlandırma mühəndisliyi, eləcə də müxtəlif sənaye, nəqliyyat və rabitə sahələrində ixtisaslaşmış xidmətlər sahəsində dünya liderlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR