"The Economist": Azərbaycan manatı "Big Mac" indeksinə görə dünyada altıncıdır

"The Economist": Azərbaycan manatı "Big Mac" indeksinə görə dünyada altıncıdır
# 15 yanvar 2021 11:44 (UTC +04:00)

"The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımı səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında altıncı yerdədir.

"APA-Economics"in "The Economist"ə istinadən verdiyi məlumata görə, Azərbaycanda "Big-Mac"ın qiyməti 3,95 manat və ya 2,32 dollar təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,66 dollar) 58,9% aşağıdır. Yəni manat "Big Mac" indeksinə görə, dollardan 58,9% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,70 manat olmalıdır (hazırda 1,7 manatdır).

Jurnalın ötən buraxılışında manat dollardan 59,3% ucuz göstərilmişdi və dollara nisbətdə ən aşağı qiymətləndirilməmiş valyutalarının siyahısında altıncı idi. Beləliklə, manatın reytinqdə mövqeyi dəyişməyib.

Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar isə Ukrayna qrivnası (-61,1%), Cənubi Afrika randı (-61,9%), Türkiyə lirəsi (-64,5%), Rusiya rublu (-68%) və Livan funtu (-68,7%) olub.

Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (+28,8%), İsveç kronu (+12,6%) və Norveç kronu (+7,5%) olub. Onlara ən yaxın lazımı səviyyədə qiymətləndirilməmiş valyuta isə İsrail şekeli (- 5,5%) olub.

Qeyd edək ki, "Big Mac" indeksi 1986-cı ildə "The Economist" tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların "düzgün" və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyə üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə "McDonald's" tərəfində istehsal olunan "Big Mac" burgeri nəzərə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR