"Total"in xalis zərəri 8 mlrd. dolları ötüb

"Total"in xalis zərəri 8 mlrd. dolları ötüb
# 30 oktyabr 2020 15:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Fransanın "Total" neft-qaz şirkətinin konsolidasiya edilmiş xalis zərəri 8,239 mlrd. ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin analoji dövrü ərzində şirkət 8,789 mlrd. dollar mənfəət əldə etmişdi.

"APA-Economics"in məlumatına görə, bu barədə "Toltal"in maliyyə hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəlirləri 32% azalaraq 102,742 mlrd. dollar təşkil edib, bir səhm üzrə seyrəltilmiş zərər bir il əvvəlki 3,2 dollar mənfəətə qarşı 3,22 dollar olub.

Bu ilin III rübündə "Total"in konsolidasiya edilmiş xalis mənfəəti illik ifadədə 15 dəfə azalaraq 181 mln. dollara bərabər olub. Şirkətin rüblük gəlirləri isə illik müqayisədə 31,8% azalaraq 33,141 mlrd. dollar təşkil edib. Səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 1,01 dollara qarşı 0,04 dollar olub.

2020-ci ilin doqquz ayı ərzində şirkətin ümumi gündəlik karbohidrogen hasilatı 2,882 mln. barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3% azdır. Rübün sonunda bu rəqəm illik nisbətdə 11% azalaraq gündəlik 2,715 mln. barel neft ekvivalentinə düşüb. Şirkət III rübdə hasilatın illik nisbətdə azalmasını "OPEC+" razılaşmasının, xüsusən Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Anqola, Qazaxıstan və İraqda icrası, həmçinin Kanadadakı könüllü istehsal kəsintilərinin və Liviyadakı fasilələrlə əlaqəlidir.

Xatırladaq ki, dünyanın ən böyük neft-qaz şirkətlərindən olan "Total" Azərbaycanda SOCAR-la birlikdə "Abşeron" yatağının işlənməsi layihəsində iştirak edir. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşən yatağın işlənməsi SOCAR və "Total" şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. "Abşeron" yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə "Total" şirkətinin ən böyük kəşfidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR