Türkiyə ötən il 25,5 mlrd. dollarlıq avtomobil ixrac edib

Türkiyə ötən il 25,5 mlrd. dollarlıq avtomobil ixrac edib
# 07 yanvar 2021 16:32 (UTC +04:00)

2020-ci ildə Türkiyənin avtomobil sənayesi üzrə ixracı 16,5% azalaraq 25,5 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Uludağ Avtomobil İxracatçıları Birliyinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, azalmaya pandemiyanın mənfi təsirləri səbəb olub. Lakin buna baxmayaraq, Türkiyənin avtomobil sənayesi 15 ildir ölkədəki bütün ixracat sahələri arasında liderliyini qoruyur.

Ötən il minik avtomobillərinin ixracının dəyəri 2019-cu illə müqayisədə 20% azalaraq 9,534 mlrd. dollaradək enib. Bu alt qrup keçən il bütün avtomobil sənayesi ixracatının 37,3%-ni təşkil edib.

İl ərzində avtomobil hissələrinin ixracı 11,5%, yük avtomobillərinin ixracı 14%, avtobus və mikroavtobusların ixracı isə 25% azalıb.

2020-ci ildə türk avtomobil sənayesinin əsas idxalçısı Almaniya olub. Hesabat ilində Türkiyədən bu ölkəyə ixracı 3,571 milyard dollar təşkil edib.

Türkiyədən İtaliyaya avtomobil sənayesi məhsullarının ixracı 27%, İspaniyaya – 16%, Fransaya – 14% azalıb. Bu məhsulların Misirə ixracı isə 27% artıb.

Ümumilikdə, Türkiyənin Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 19,266 mlrd. dollar təşkil edib. Türkiyənin ümumi ixracında Aİ ölkələrinin payı 75,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR