"Uber"in xalis zərəri yanvar-sentyabrda 5,8 mlrd. dollara yaxın olub

"Uber"in xalis zərəri yanvar-sentyabrda 5,8 mlrd. dollara yaxın olub
# 06 noyabr 2020 10:23 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında "Uber Technologies Inc." şirkətinin xalis zərəri 5,799 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, şirkətin bir səhm üzrə seyrəltilmiş zərəri ötənilki 6,79 dollardan 3,33 dollara enib. Gəlirlər isə 12% azalaraq 8,913 mlrd. dollar təşkil edib.

Təkcə 2020-ci ilin III rübündə "Uber"in xalis zərəri illik müqayisədə 6% azalaraq 1,089 mlrd. dollara bərabər olub, bir səhm üzrə seyrəltilmiş zərər isə ötənilki 0,68 dollardan 0,62 dollara enib. Ötən rüb gəlirlər illik ifadədə 18% azalaraq 3,129 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, III rübün nəticələrinə əsasən, şirkətin əsas fəaliyyəti sayılan – sərnişin daşınması xidmətlərindən əldə etdiyi gəlirlər 2 dəfə azalaraq 1,365 mlrd. dollara endiyi halda, "Uber Eats"in (yemək çatdırılma xidməti) satışları isə əksinə, illik müqayisədə 2,2 dəfə artaraq 1,451 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR