AİB Azərbaycanda "Texniki dəstək" layihəsini təqdim edib - FOTO

AİB Azərbaycanda "Texniki dəstək" layihəsini təqdim edib - FOTO
# 13 noyabr 2019 17:36 (UTC +04:00)

Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verib. O, bu layihənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər barədə danışıb.

Tədbirdə çıxış edən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Asiya İnkişaf Bankı və Koreya Respublikasının Bilik Tərəfdaşlığı Fondu ilə həyata keçirilən “Vergi siyasəti və inzibatçılığı potensialının gücləndirilməsi” adlı layihə barədə söz açıb.

Qeyd edilib ki layihə Asiya İnkişaf Bankı ilə Azərbaycanın vergi orqanı arasında ilk texniki yardım layihəsidir və müxtəlif komponentləri əhatə edən layihənin qarşıdakı 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bankın faktaraşdırıcı missiyası tərəfindən müasir dövrün çağırışlarına uyğun vergi orqanlarında təkmilləşdirilmə zərurəti olan sahələr üzrə üç mühüm komponent müəyyən edilib. Bunlar insan resursları və fəaliyyətin idarə olunması; vergi ödəyicilərinə xidmət və könüllü əməletmə; habelə əməl etməmə halları ilə səmərəli mübarizə kimi istiqamətləri əhatə edir.

Nazirin birinci müavini deyib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, əmək bazarının şəffaflaşdırılması və məşğulluğun artırılması, bazarda rəqabət mühitinin təmin edilməsi, leqal biznesin qanuni mənafelərinin qorunması Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlərdir.

O, əlavə edib ki, xidmətlərin və kommunikasiyaların əlçatanlığının, yararlılıq dərəcəsinin artırılması, eləcə də müraciət və şikayətlərə baxılması prosedurlarının təkmilləşdirilməsi diqqət mərkəzində olacaq.

Tədbirdə OECD Koreya Siyasət Mərkəzinin direktoru Çoy Myunqsu çıxış edərək layihə çərçivəsində əməkdaşlıqla bağlı öz fikirlərini bölüşüb, AİB-nin eksperti Yuji Miyaki isə texniki yardım layihəsinin məqsədləri barədə məlumat verib.

Tədbir işini “Dəyişkən vergi mühiti və vergi inzibatçılığının inkişaf prioritetləri”, “Qrup fəaliyyəti: “Hansı realdır?, Nəyə nail olmaq olar?, Hədəfimizə necə nail ola bilərik?” və s. mövzuları əhatə edən sessiyalarda davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR