Azərbaycanda 2020-ci ildə əsas kapitala 18 mlrd. manatdan çox investisiya qoyulacaq

Azərbaycanda 2020-ci ildə əsas kapitala 18 mlrd. manatdan çox investisiya qoyulacaq
# 21 oktyabr 2019 15:28 (UTC +04:00)

Azərbaycanda 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 mlrd. manat təşkil edəcəyi gözlənilir.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bunun 12,2 mlrd. manatı daxili, 6,1 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 mlrd. manatı neft sektoruna, 10,6 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək.

“Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 mlrd. manatı və ya 60%-dən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaqdır. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51%-dən 2019-cu ilin avqust ayının sonuna 27,8%-ə enib”, - deyə nazir əlavə edib.

Ş. Mustafayevin sözlərinə görə, qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60%-ə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR