Azərbaycanda bu il hər bir ölkə sakini ərzaq məhsullarına ayda orta hesabla 157 manat xərcləyib

Azərbaycanda bu il hər bir ölkə sakini ərzaq məhsullarına ayda orta hesabla 157 manat xərcləyib
# 16 oktyabr 2019 12:40 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3% üstələyərək 27,6 mlrd. manata bərabər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ticarət dövriyyəsinin 13 947,1 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 630,3 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,35 artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9%-i ticarət müəssisələri, 49,7%-i fərdi sahibkarlar tərəfindən, 29,4%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9%, fərdi sahibkarlar üzrə 0,6% artıb, bazar və yarmarkalarda isə 6,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR