Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların həcmi 4%-ə yaxın azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların həcmi 4%-ə yaxın azalıb
# 14 iyun 2019 11:44 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 038,7 mln. manat vəsait yönəldilib və sərf edilən vəsaitin 68,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Əsas kapitala yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 64,4%-i məhsul istehsalı obyektlərinin, 26,9%-i xidmət sahələri üzrə obyektlərin, 8,7%-i isə ümumi sahəsi 771,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 72,8%-i təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1%, büdcə vəsaitləri 27,3%, bank kreditləri 6,7%, əhalinin şəxsi vəsaitləri 6,2%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,4% təşkil edib.

2019-cu ilin yanvar-may aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR