Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu yerli valyutada istiqraz buraxıb

Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu yerli valyutada istiqraz buraxıb
# 17 iyul 2019 14:58 (UTC +04:00)

Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya edilib.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, Palata tərəfindən nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) ilkin mərhələdə ümumi məbləği 10 mln. manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Bank tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 mln. manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək.

QDTİB tərəfindən buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Həmçinin, sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu sahədə MBNP tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, QDTİB müəyyən bir ölkədə milli valyutada istiqrazlar emissiya edir və milli banklar və yerli kredit təşkilatlarının köməyi ilə onları yerləşdirir. Sözügedən qiymətli kağızların yerləşdirilməsindən milli valyutada əldə olunan vəsait böyük yerli layihələrin və yaxud xüsusi proqram çərçivəsində banklar vasitəsilə kiçik və orta biznesin kreditləşməsində istifadə olunur.

QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr – Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 3,45 mlrd. avro, səhm kapitalı isə 2,3 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 34 layihə üzrə 339 mln. avro məbləğində kredit ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR