Azərbaycanda ödəniş kartlarının sayı 32% artıb

Azərbaycanda ödəniş kartlarının sayı 32% artıb
  • Clock-gray 11:42
  • calendar-gray 10 Sentyabr 2019

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda real vaxt rejimində banklararası hesablaşmalar və yaxud klirinq sistemi üzərindən ümumilikdə 152 mlrd. manat həcmində ödəniş əməliyyatı emal olunub.

"APA-Economics"in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Visa Token” xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 46% artıb.

"Ödəniş kartları bazarına nəzər yetirsək, cari ilin 1 avqust tarixinə 7,380 mln. ədəd ödəniş kartı emissiya olunduğunu görərik. Ümumilikdə, ödəniş kartlarının sayında artım 31,7% təşkil edib", - deyə T. Rüstəmov qeyd edib.

O həmçinin əlavə edib ki, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi, cari ilin ilk 7 ayında 11,9 mlrd. manat təşkil edib. Bu əməliyyatların 21%-i nağdsız ödənişlərin payına düşür. Nağdsız ödənişlərin ümumi payı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

"Ümumilikdə, elektron ticarət dövriyyəsi analoji dövrlə müqayisədə 5,9 dəfə artaraq 1,7 mlrd. manata çatıb", - deyə T. Rüstəmov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date