Əli Əsədov: "COVID-19-la mübarizəyə birbaşa olaraq 644 mln. manatadək vəsait sərf olunub"

Əli Əsədov: "COVID-19-la mübarizəyə birbaşa olaraq 644 mln. manatadək vəsait sərf olunub"
# 07 yanvar 2021 12:27 (UTC +04:00)

COVID-19-la mübarizəyə birbaşa olaraq 644 mln. manata qədər vəsait sərf olunub. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 mln. manat nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş Naziri Əli Əsədov deyib.

O bildirib ki, il ərzində karantin şərtləri bir neçə dəfə dəyişdirilib. Ümumi karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə keçid olub. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olub.

“COVID-19-la mübarizəyə birbaşa olaraq 644 mln. manata qədər vəsait sərf olunub. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 mln. manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlar var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur”.

Ə. Əsədov qeyd edib ki, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 mlrd. manatlıqdan artıq dəstək göstərilib: “Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 mln. manat vəsait deməkdir”.

Baş Nazirin sözlərinə görə, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi fond yaradılıb və bu fonda 114 mln. manatdan artıq vəsait yığılıb. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilib.

“Təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaq”, - deyə Ə. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR