Qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8% artıb

Qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8% artıb
  • Clock-gray 11:49
  • calendar-gray 09 Avqust 2019

Bu ilin yanvar-iyun ayları üzrə qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin sonunadək bu məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Əvvəlki illərdə bu məbləğ vergi şəklində dövlət büdcəsinə ödənilirdi.

Bu ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.

Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artan əmək müqavilələri sayının 75%-ni təşkil edir. Cari ilin 6 ayında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. 

Eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18%-dən çox artmasına da təsir göstərib.

Bütün bu proseslər nəticəsində bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8%, o cümlədən cari ildə minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla, 21,4% artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5% yüksəlib. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib, artımlar nəticəsində son illərdə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin həcmi azaldılıb.

Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3% artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artıb, proqnoz 116,3% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6% artaraq 48 milyon manat təşkil edib, proqnoz 115,6% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60,3% artıb, proqnoz 121,2% icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu ümumilikdə 365 milyon manat artırılıb. Özəl bölmənin qeyri-neft sektorunda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi gözlənilir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date