Şahmar Mövsümov: "ARDNF-in aktivləri 42,5 mlrd. dollara yaxınlaşır"

Şahmar Mövsümov: "ARDNF-in aktivləri 42,5 mlrd. dollara yaxınlaşır"
  • Clock-gray 11:44
  • calendar-gray 23 Oktyabr 2019

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 mlrd. ABŞ dollarına yaxınlaşır.

APA-Economics”in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvləri ilə görüşü zamanı deyib.

Ş. Mövsümov Fondun missiyası və məqsədləri haqqında danışıb və qeyd edib ki, ARDNF-ın missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

O, həmçinin qeyd edib ki, ARDNF-in əsas vəzifələri ölkədə makro-iqtisadi sabitliyin qorunması, tükənən təbii sərvətlərdən əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, o cümlədən, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir.

Ş. Mövsümov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Star” neft emalı zavodu, Cənubi Qaz Dəhlizi, Samur-Abşeron su kanalının yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su borusunun tikintisi və ARDNF tərəfindən maliyyələşdirilən digər yerli və xarici layihələr barədə də iştirakçıları məlumatlandırıb.

Fondun rəsmisi ARDNF-in investisiya portfeli barədə də ətraflı məlumat verib və bildirib ki, Fondun aktivlərinin həcmi təxminən 42,5 mlrd. dollara yaxınlaşır.

“Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”, - deyə Ş. Mövsümov əlavə edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date