Tailandda Azərbaycanda logistika və ticarətin inkişafına dair məruzə təqdim olunub

Tailandda Azərbaycanda logistika və ticarətin inkişafına dair məruzə təqdim olunub
# 07 noyabr 2019 18:03 (UTC +04:00)

Tailandın Banqkok şəhərində “Asiya və Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrində Struktur İqtisadi Transformasiyanın Təşviqi” adlı regional görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbir BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP), eləcə də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) təşkilatçılığı ilə baş tutub.

Görüş çərçivəsində UNESCAP-ın Makroiqtisadi Siyasət, Yoxsulluğun Azaldılması və İnkişafın Maliyyələşdirilməsi Komitəsinin 2-ci sessiyası olub. Məqsəd region ölkələri tərəfindən iqtisadi transformasiya istiqamətində həyata keçirilən islahatların, qarşıya çıxan məhdudiyyət və çətinliklərin, o cümlədən milli strateji yol xəritələrinin inkişafı üçün zəruri olan beynəlxalq təcrübə və məlumatların nəzərdən keçirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

İclasda əksər üzv ölkənin nümayəndələri, eləcə də ESCAP və UNCTAD katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edib.

Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Emil Əhmədov, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin şöbə müdiri Emin Məmmədov və Mərkəzi Bankın departament müdiri Asif Qasımov təmsil edib.

Görüş çərçivəsində “Ölkələrin təqdimatı” adlı sessiya da keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Emil Əhmədov ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, beynəlxalq nəqliyyat layihələrinin təşviqi və inkişaf etdirilməsi, eləcə də “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin iqtisadi transformasiya istiqamətində rolu barədə məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR